BAKI, 31 may. TELEQRAF
İsrail ordusu Livanın cənubundakı Bofor silsiləsi və Vadi əs-Saluqi bölgəsində genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Ella Vaveya "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, hərbi əməliyyat Livanın cənubunda operativ nəzarəti gücləndirmək, həmçinin Qalileya və Metula yaşayış məntəqələrinə yönələn birbaşa təhdidləri aradan qaldırmaq məqsədilə həyata keçirilir.
E.Vaveya qeyd edib ki, irimiqyaslı quru qoşunlarının iştirakı ilə reallaşdırılan bu əməliyyat bir neçə gün əvvəl başlayıb və hazırda hərbçilər müdafiə xəttini genişləndirmək üçün hücum fəaliyyətini davam etdirirlər.
Sözçü həmçinin vurğulayıb ki, İsrail qüvvələri Litani çayını keçərək çayın şimalında "Hizbullah"a qarşı hücumların coğrafiyasını böyüdüb. O, İsrail ordusunun hazırda Nəbatiyə yaxınlığında fəaliyyət göstərdiyini və lazım olarsa hücumu daha da genişləndirməyə tam hazır olduqlarını əlavə edib.