BAKI, 29 may. TELEQRAF
İsrail ordusunun mexanikləşdirilmiş bölmələri Livanın cənubundakı Dibbin şəhərinə daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Livanın "Al Markaziya" agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri intensiv artilleriya atəşinin müşayiəti ilə Dibbin şəhərində "Hizbullah" qruplaşmasına qarşı təmizləmə əməliyyatına başlayıb. Litani çayının şərqində yerləşən bu şəhərin nəzarətə götürülməsi İsrail ordusuna Livanın cənub-şərq sektorunu strateji yüksəklikdən idarə etmək imkanı verəcək.
Eyni zamanda, İsrailin "Egoz" elitar xüsusi təyinatlı bölməsi Yoxmur, Arnun və Mayfadun yaşayış məntəqələri arasındakı üçbucaqda əməliyyatları davam etdirir.
İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Livanın cənubunda hərbi əməliyyatları genişləndirdiyini və strateji rayonları nəzarətə götürdüyünü bəyan edib.
Son 24 saat ərzində İsrail aviasiyası Livan ərazisində 150 yerüstü hədəfə zərbələr endirib. Ordu rəsmilərinin məlumatına görə, aprelin 17-də atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri keçirilən əməliyyatlarda "Hizbullah"ın 700-dən çox üzvü məhv edilib.
***
13:28
İsrail ordusu Livan ərazisində hərbi əməliyyatların miqyasını əhəmiyyətli dərəcədə genişləndirərək ölkənin cənubundakı Litani çayından şimal tərəfə doğru irəliləməyə başlayıb.
Teleqraf xəbər verir ki, İsrail qüvvələri Livanın cənubundakı ikinci ən böyük şəhər olan Nəbatiyə yaxınlığındakı yaşayış məntəqələrini hədəfə alıb.
Məlumata görə, son 24 saat ərzində bölgəyə edilən hücumların sayı kəskin artıb. İsrail qoşunlarının əsas məqsədinin "Hizbullah" hərəkatının ikinci və üçüncü müdafiə xətlərini yarmaq, həmçinin Bekaa vadisinin qərbini ölkənin cənub hissəsindən təcrid etmək olduğu bildirilir.
Qoşunların Livanın daxilinə doğru daha nə qədər irəliləyəcəyi hələlik məlum deyil.