BAKI, 24 may. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS qruplaşmasının hərbi qanadına məxsus dörd silah anbarını sıradan çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun yaydığı bəyanatda bildirilib.

Məlumata görə, son 24 saat ərzində Qəzzanın mərkəzində yerləşən üç silah anbarına hava zərbələri endirilib və həmin obyektlər məhv edilib.

Ordunun açıqlamasında qeyd olunub ki, anbarlarda tank əleyhinə raketlər, uzaqmənzilli silahlar, qumbaraatanlar (RPG), zirehli gödəkçələr və digər hərbi sursatlar aşkarlanaraq zərərsizləşdirilib.

Bundan əlavə, İsrail ordusu həftənin əvvəlində Qəzzanın mərkəzi hissəsində yerləşən daha bir HƏMAS silah anbarının da məhv edildiyini bildirib. Həmin obyektdə partlayıcı maddələr, RPG-lər, əl qumbaraları və patron daraqları aşkar edilib.

SAXAL vurğulayıb ki, zərbələrdən sonra baş verən təkrar partlayışlar obyektlərdə silah və sursatın mövcud olduğunu təsdiqləyib.