BAKI, 20 oktyabr. TELEQRAF

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkiyə mediatur təşkil olunub.

Teleqraf xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər Xan sarayını ziyarət ediblər.

Burada Xan sarayı haqqında məlumat verilib. Bildirilib ki, Şəki xan sarayı 1762-ci ildə inşa edilib. Saray kompleksinin 1853-cü ildə tərtib olunmuş planından məlum olur ki, qalanın içərisində xanların və onların ailələri üçün qış və yay saraylarından başqa, digər tikililəri də olub. Sarayın birinci mərtəbəsi qonaqların qəbulu üçün ayrılıb.

Sarayın ikinci mərtəbəsindəki xanın otağı bütünlüklə döyüş səhnələri ilə bəzədilib və məzmunca çox müxtəlifdir. Məşhur Şəki hökmdarı Hacı Çələbi nəslindən olan və bu sarayda yaşayan Şəki xanlarının faciəli həyatı sanki bu otaqların divarlarında olan rəsmlərdə tam təsvir olunmuşdur.