BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycanda aqrar sahədə ixtisaslı xarici kadrların əmək fəaliyyətinə cəlb edilməsi üçün əlavə hüquqi imkanların yaradılması təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində aqropark rezidentləri tərəfindən işə cəlb olunan təcrübəli aqronomların, bağçılıq mütəxəssislərinin və baytar həkimlərin iş icazəsi tələb olunmayan şəxslər siyahısına daxil edilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişikliklər aqropark rezidenti hüquqi şəxs olduqda onun rəhbərini və müavinlərini də əhatə edir.

Qanun layihəsinin müşayiətedici arayışına əsasən, dəyişikliklərin məqsədi əcnəbilərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi və iş icazəsinin alınmasının tələb olunmadığı hallarla bağlı subyektlər dairəsini genişləndirməkdir.

Layihə 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olmaq üçün təqdim edilib.