BAKI, 7 oktyabr. TELEQRAF
Bu gün Bakıda Slovakiya–Azərbaycan Turizm və Spa Sektorunun Forumu keçirilib.
Teleqraf xəbər verir ki, forumda Bakı–Bratislava birbaşa hava əlaqəsinin istifadəyə verilməsinin iki ölkənin paytaxtlarını bir-birinə daha da yaxınlaşdıracağı və Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni mərhələsinə töhfə verəcəyi qeyd edilib.
Bildirilib ki, Slovakiya Azərbaycandan cəmi bir neçə saatlıq məsafədə yerləşir və ölkədə turistlər üçün müxtəlif imkanlar mövcuddur.
Forumda Slovakiyanın zəngin mədəniyyəti və qastronomiyası, slavyan mətbəxi, məşhur şərabçılıq bölgələri və yerli əhalinin qonaqpərvərliyi barədə də məlumat verilib.
Qeyd olunub ki, yeni hava marşrutu turizm əlaqələrinin, mədəni mübadilənin və humanitar əməkdaşlığın inkişafına töhfə verəcək.
Bratislava Hava Limanının nümayəndəsi isə vurğulayıb ki, Bakı ilə Bratislavanı birləşdirən birbaşa aviareysin istifadəyə verilməsi Slovakiyaya gələn turistlərin sayının artmasına və iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcək:
“Bratislava tarixi şəhər mərkəzi ilə müasir şəhər hissəsinin vəhdət təşkil etdiyi şəhərdir”.