BAKI, 20 oktyabr. TELEQRAF
Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində aqropark rezidentləri tərəfindən ölkə ərazisində işə cəlb edilən və müvafiq sahədə təcrübəsi olan aqronomların, bağçılıq mütəxəssislərinin və baytar həkimlərin iş icazəsi almadan fəaliyyət göstərməsi nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Beləliklə aqropark rezidenti hüquqi şəxs olduqda həmin müəssisənin rəhbəri və rəhbər müavinlərinin də iş icazəsi tələb olunmayan şəxslər siyahısına daxil edilməsi təklif edilir.
Layihə aqrar sektorda ixtisaslı kadrların cəlb edilməsi ilə bağlı mövcud hüquqi mexanizmlərin genişləndirilməsini nəzərdə tutur.
Təklif olunan dəyişikliklər 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olacaq şəkildə hazırlanıb.