BAKI, 7 oktyabr. TELEQRAF
İsmayıllı rayonunun İvanovka kəndində bərpa və quruculuq işlərinin həyata keçirilməsi planlaşdırılır.
Teleqraf-ın İsmayıllıya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin Mədəni İrsin İdarə Olunması sektorunun müdiri Rüstəm Mehdizadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, İvanovka Dövlət Turizm Agentliyinin “Turistik kənd” layihəsi çərçivəsində seçilən 8 kənddən biridir.
“Burada Dövlət Turizm Agentliyi tərəfindən kəndin bərpası və quruculuğu istiqamətində müvafiq işlərin həyata keçirilməsi planlaşdırılır. Hazırda layihələndirmə işləri aparılır.
2026–2030-cu illər üzrə turizmin inkişafına dair Dövlət Proqramında regionların və turizm məhsullarının inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
“Turistik kənd” layihəsinin əsas məqsədi yalnız regionlara və kəndlərə turist cəlb etmək deyil, turizmdən əldə olunan gəlirin birbaşa yerli icmalara yönəldilməsini təmin etməkdir.
Layihə çərçivəsində kəndə səfər edən turistlərin qonaqlama, yerləşmə və qidalanma xidmətlərindən istifadə etməsi nəzərdə tutulur. Bununla da yerli icmanın turizmə cəlb edilməsi və icma əsaslı turizmin inkişafına təkan verilməsi planlaşdırılır”, - deyə R.Mehdizadə bildirib.
Sektor müdiri əlavə edib ki, “Turistik kənd” layihəsinə daxil olan kəndlərdə xidmət keyfiyyətinin artırılması istiqamətində kənd qonaq evlərinin sahibləri üçün təlimlər də keçirilir.
“Bu təlimlərin əsas məqsədi xidmət keyfiyyətinin artırılmasıdır. Turistlərin necə qarşılanması və yola salınması, onlarla davranış qaydaları, eyni zamanda xarici dil biliklərinin artırılması istiqamətində təlimlərin keçirilməsi planlaşdırılır”.
R.Mehdizadə həmçinin qeyd edib ki, “Turistik kənd” layihəsinə daxil olan 8 kənd Qubada Qrız, Qusarda Ləzə, İsmayıllıda İvanovka, Qaxda İlisu və Sarıbaş, Qəbələdə Duruca, Astarada Sım, Lerikdə isə Bibiyani kəndləridir.