LƏNKƏRAN, 9 sentyabr. TELEQRAF
Dövlət Turizm Agentliyinin təşkilatçılğı ilə Lənkərana 2 günlük mediatur çərçivəsində jurnalistlər Lənkəran rayonunun Talışlı kənd sakini Eynulla Calalovun bambuk bağında olublar.
Teleqraf xəbər verir ki, Eynulla Calalov otuz ildən çoxdur bu işlə məşğul olduğunu deyib.
Onun sözlərinə görə, həyətyanı torpaq sahəsində mindən çox bambuk ağacı yetişdirir:
“Buralarda bambuk ağacları hələ sovetlər dönəmində yetişdirilib. Gürcüstandan gətirilən bu bitki balıqçılıq təsərrüfatlarında istifadə üçün nəzərdə tutulub. Su kənarlarında kol-kos arasında bir neçə bambuk kökləri qalmışdı. Məhz o köklərdən istifadə edib bambukları çoxaltmağa başladım”.
Bağ sahibi qeyd edib ki, bambuk ağacı bir çox xüsusiyyətlərinə görə digər bitkilərdən fərqlənir: “Bitkinin toxumu 5 ildən sonra cücərir. 27 metr hündürlüyə qədər qalxır, 45 il sonra toxum verir. Bizim şəhərə ötən əsrin əvvəllərində gətirilib. Rütubətə, günəşə tələbkar olduğu üçün bu bitki bizim bölgəyə tez uyğunlaşıb. Hələ ki, bu bitkinin toxum verdiyini görməmişəm, ağacları əsasən kök vasitəsi ilə çoxaldıram. Çox qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunsa, 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayır və möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur. Çox qiymətli ağacdır. Mebel sənayesi üçün əhəmiyyətli bitkidir”.
Eynulla Calalovun bambuk bağı həm də cənub bölgəsinə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardandır: “Çinlilər bu ağaca “həyat ağacı” deyirlər. Çox adam gəlib bu gözəlliyi görəndən sonra bambuk təsərrüfatı qurmaq eşqinə düşür. Amma çətin və zəhmət tələb etdiyi üçün, elə maraq olaraq da qalır”.
Eynulla Cəlalov həm də qeyd etdi ki, bambuk ağacı əl işləri hazırlamaq üçün əvəzsiz xammaldır. O bambukdan daha çox stol, stul, kreslo, kitab rəfi kimi əşyalar hazırlayır: “Bambukdan əl işləri hazırlamaq olduqca çətindir. Bir masa komplektinin hazırlanmasına ən azı ay yarım vaxt sərf olunur”.
Onun bambukdan düzəltdiyi əşyalar dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna layiq görülüb.