BAKI, 28 sentyabr. TELEQRAF

Hazırda Xocavənddə yerləşən “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunda infrastruktur işləri aparılır. Ağdam şəhərinin yaxınlığında yerləşən Şahbulaq qalası ətrafında turizm infrastrukturunun qurulması istiqamətində işlər isə artıq yekunlaşma mərhələsindədir.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

M.Ağabəyli bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda, eləcə də Bakıda yeni turizm məhsullarının yaradılması prosesi davam etdirilir.

“Hazırda həmin turizm məhsullarının hazırlanması və infrastruktur işlərinin həyata keçirilməsi demək olar ki, bütün regionlarda davam etdirilir. Məsələn, Lahıcda bir sıra istiqamətlərdə işlər görülür. Basqalda bir neçə yeni turizm məhsulunun hazırlanması istiqamətində işlər artıq yekunlaşmaq üzrədir.

Şəki “Yuxarı Baş” Qoruğu ərazisində artıq bir neçə müəssisə – Şəbəkə emalatxanası, Tarix-Diyarşünaslıq Muzeyi turistlərin istifadəsinə verilib. Digər məhsulların yaradılması istiqamətində də işlər görülür. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə də bu istiqamətdə işlər davam etdirilir”, – deyə M.Ağabəyli qeyd edib.