BAKI, 20 oktyabr. TELEQRAF
Azərbaycanda aqroparkların işə cəlb etdiyi əcnəbi aqronomlar üçün iş icazəsinin alınması tələbinin aradan qaldırılması təklif edilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, aqropark rezidenti tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq sahədə təcrübəyə malik aqronomlar iş icazəsi tələb olunmayan şəxslər sırasına daxil ediləcək.
Eyni qaydanın təcrübəli bağçılıq mütəxəssislərinə və baytar həkimlərə də şamil olunması nəzərdə tutulur.
Layihə ilə yanaşı, aqropark rezidenti hüquqi şəxs olduqda onun rəhbəri və müavinlərinin də müvafiq güzəştdən yararlanması təklif olunur.
Dəyişikliklərin məqsədi aqrar sahədə fəaliyyət göstərən müəssisələrin ixtisaslı mütəxəssislərə çıxış imkanlarını genişləndirməkdir.