BAKI, 20 oktyabr. TELEQRAF

“Azərbaycanda 88 seysmik stansiya fəaliyət göstərir. Hazırda bu stansiyalar, eləcə də geofiziki, qravimetrik, maqnitometrik və geodinamik tədqiqatlar əsasında elmi tədqiqat işləri aparılır”.

Teleqraf xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli “Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, regional seysmik stansiyaların quraşdırılmasına 2003-cü ildən başlanılıb.

"Ümumiyyətlə, 2000-ci il noyabrın 25-də Bakıda baş verən güclü zəlzələdən sonra ölkədə seysmologiya sahəsinə diqqət artırılıb".

O qeyd edib ki, seysmologiya sahəsində yeniliklərdən biri də Azərbaycanda əvvəllər tətbiq olunmayan seysmik tomoqrafiya istiqamətidir.

"Bu metod vasitəsilə müxtəlif dərinliklərdə seysmik dalğaların yayılma sürətinə əsaslanan modellər qurulur. Həmin modellər Yer qatlarının quruluşunu və müxtəlif dərinliklərdəki xüsusiyyətlərini öyrənməyə imkan verir", - o qeyd edib.