BAKI, 7 oktyabr. TELEQRAF

2026-cı ilin yanvar-sentyabr aylarında “Diri-Baba” türbəsini 12 min 175 xarici turist ziyarət edib.

Teleqraf-ın Qobustana ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə “Diri Baba” abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, il ərzində abidəni 16 mindən çox turist ödənişsiz ziyarət edib.

“Hazırda “Diri-Baba” türbəsinə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Amerika Birləşmiş Ştatları, Yaponiya, Madaqaskar, Avropa ölkələri və Rusiyadan ziyarətçilər gəlir”, - deyə Y.Məmmədov qeyd edib.

Direktorun sözlərinə görə, “Diri-Baba” türbəsi 7 əsrlik tarixi abidədir. Türbə 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edilib və iki mərtəbədən ibarətdir:

“Birinci mərtəbədə namazgah yerləşir. İkinci mərtəbədə isə salondan vaxtilə şeyxin inzivaya çəkildiyi hücrəyə giriş var.

Türbənin “Diri-Baba” adlandırılması ilə bağlı belə bir rəvayət mövcuddur: vaxtilə burada inzivaya çəkilən şeyx vəfat etdikdən sonra uzun müddət onun bədəni çürüməyib. Buna görə yerli əhali onu “Diri Baba” adlandırıb və sonradan türbə də bu adla tanınıb.

Türbəni müxtəlif dövrlərdə bir sıra səyyahlar ziyarət edib. 1636-cı ildə alman səyyahı Adam Oleari burada olub, türbənin qravürünü çəkib və abidə haqqında yazıb. 1647-ci ildə məşhur Osmanlı səyyahı Övliya Çələbi də “Diri-Baba”nı ziyarət edib. O, “Səyahətnamə” əsərində şeyxin çürüməyən bədənini öz gözləri ilə gördüyünü yazıb”, - deyə Y.Məmmədov bildirib.

O əlavə edib ki, 1703-cü ildə holland səyyahı Kornelis de Bruin də türbəni ziyarət edib:

“1861-ci ildə rusların elmi ekspedisiyası, o cümlədən akademik Dorn və akademik Bartolomey burada olub. Akademik Dorn fotoaparatla türbənin iki şəklini də çəkib.

Birinci və ikinci mərtəbələr arasında türbənin daş kitabəsi olub. Həmin kitabə rusların elmi ekspedisiyası tərəfindən aparılıb. 1875-ci ildə akademik Dornun fondu yanıb və daş kitabə itib. Lakin 1965-ci ildə tarixçi-tədqiqatçı Məşədixanım Nemət Sankt-Peterburqdakı Ermitaj muzeyində həmin kitabənin surətinə rast gəlib. Surətdə qeyd olunur ki, türbə Şirvanşah Şeyx İbrahim Xəlilullahın əmri ilə hicri 805-ci ildə, yəni miladi 1402-ci ildə inşa edilib.

1963-cü ildə Misirin prezidenti Cəmal Əbdül Nasir sırf “Diri-Baba” türbəsini ziyarət etmək üçün SSRİ-yə səfər edib”, - deyə direktor bildirib.

Y.Məmmədovun sözlərinə görə, türbənin ətrafında mağaralar yerləşir və vaxtilə həmin mağaralarda sufilər, dərvişlər inzivaya çəkiliblər.

“Ümumiyyətlə, buranı sufizmin Xəlvətilik təriqəti ilə əlaqələndirirlər. Xəlvətilik Azərbaycanda formalaşan sufi cərəyanlarından biridir və Şamaxıda Pir Ömər Xəlvətidən başlayan xətt buradan da keçir.

Xəlvətilik təriqətinin ən mötəbər nümayəndələrindən biri Seyid Yəhya Bakuvi olub. Onun məzarı hazırda İçərişəhərdə yerləşir və Dərviş türbəsi adlanır. Seyid Yəhya Bakuvinin sistemləşdirdiyi Xəlvətilik təriqəti onun müridləri vasitəsilə Şimali Afrikaya, Balkanlara və Anadoluya yayılıb. Hətta Osmanlı sultanlarından 21-nin Xəlvətilik təriqətinə mənsub olduğu qeyd edilir”, - deyə Y.Məmmədov əlavə edib.