LƏNKƏRAN, 9 sentyabr. TELEQRAF

Dövlət Turizm Agentliyinin təşkilatçılğı ilə Lənkərana 2 günlük mediatur çərçivəsində jurnalistlər Hirkan Milli Parkını və Xanbulan gölünü ziyarət ediblər.

Teleqraf xəbər verir ki, Hirkan Milli Parkı 2004-cü ildə yaradılıb.

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, "Qırmızı Kitab"a daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin təşkilidir.

Milli Parkın meşələrində, dəmirağac, qismən də şabalıdyarpaq palıd, fıstıq kimi ağacalar, eləcə də ayıdöşəyi, Hirkan bigəvəri, Hirkan şümşadı, pırkal, müxtəlif lianlar geniş yayılıb.

Hirkan Milli Parkının ornitofaunasına daxil olan qara leylək, məzar qartalı, qıvrımlələk qutan, turac, mərmər cürə, Talış qırqovulu, Hirkan arıquşu, toğlugötürən və s. quşların adları Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilib. Parkın heyvanat aləmi çox zəngindir. Burada məməlilərdən bəbir, xallı maral, vaşaq, porsuq, qaban, cüyür, yenot və s. növlərə rast gəlmək olar.

Həmçinin media nümayəndləri ziyarət zamanı Xanbulan gölünün əsrarəngiz gözəlliyi ilə tanış olublar.

Qeyd edək ki, Xanbulan gölü 1976-cı ildə Lənkəran bölgəsində yaradılmış su anbarıdır. Bu göl, Talış Dağları və Xəzər dənizi sahilini əhatə edən Hirkan Milli Parkında yerləşir. Hər tərəfdən meşələrlə əhatə olunan gölün uzunluğu 5 km, eni isə 2 km təşkil edir.

Göl, gözəl mənzərələri və parkın zəngin bioloji müxtəlifliyindən həzz almaq istəyən dağ gəzintisi və təbiət sevərləri üçün populyar bir yerdir.