BAKI, 28 sentyabr. TELEQRAF

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksini ziyarət edənlərin 93–94%-ni xarici turistlər təşkil edib.

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

O bildirib ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Kompleksə ümumilikdə 28 979 nəfər bilet alaraq ziyarət edib:

“Onlardan 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub. 798 nəfər ödənişsiz qaydada Kompleksi ziyarət edib. Xarici turistlər dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onlar arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil ediblər.

Ümumilikdə, bu ilin 8 ayı ərzində Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruq və turizm müəssisələrini 432 min nəfər bilet alaraq ziyarət edib.

Eyni zamanda, bilet almadan, ödənişsiz şəkildə ziyarət edənlərin sayı 100 mindən çoxdur. Bilet alaraq ziyarət edənlərin 71%-ni xarici turistlər təşkil edir.

Digər regionlardakı qoruqlarımızda, məsələn, Şəki ‘Yuxarı Baş’ Milli Tarix-Memarlıq Qoruğunu ziyarət edənlərin 50%-ni xaricilər, digər 50%-ni isə yerli turistlər təşkil edir”, – deyə M.Ağabəyli qeyd edib.