BAKI, 20 oktyabr. TELEQRAF
ABŞ-də yaşayan azərbaycanlı müğənni Gül Merri Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Gül xanım, əslən qarabağlısınız və uzun illərdir xaricdə yaşayırsınız. Qarabağdan Amerikaya köçmək prosesi necə baş verdi?
- Mən qarabağlı ailəsində dünyaya gəlmişəm. Atam dövrünün ifaçılarından olub. Əmim qarmon ustası Rəhman Əsədullahi də tanınmış sənətkardır. O, Azərbaycanda bir çox ifaçılarımızı müşayiət edib. Ata-babalarımın kökləri Qarabağın Laçın rayonundandır. Sovet dövründə ailəmiz əvvəlcə İrana, sonra Amerikaya köçüb. Mən Tehranda dünyaya gəlmişəm. Anam isə Rusiya yəhudisidir.
On beş yaşımdan sonra ali təhsil almaq məqsədilə Londona köçmüşəm. Dayım Böyük Britaniyada yaşayırdı. Londonda məktəbi və kolleci bitirdikdən sonra ali təhsilimi davam etdirmək üçün Amerikaya qayıtdım. İxtisasca həkiməm.
Həyat yoldaşım bizneslə məşğul olurdu. Bacarıqlı olduğumu nəzərə alıb məni də özüylə birlikdə çalışmağa götürdü. Dəstək məqsədilə həyat yoldaşımla işləməyə başladım.

- Musiqiyə marağınız necə yarandı?
- Qeyd etdiyim kimi, musiqiçi ailəsində böyümüşəm. Atam muğam ifaçısı olub, çox gözəl muğam oxuyardı. Əmim Rəhman Əsədullahi isə bəstəkar və dünyaca tanınmış virtuoz qarmon ifaçısıdır. İranda baş verən islam inqilabından sonra siyasi təzyiqlər və musiqiyə qoyulan məhdudiyyətlər səbəbindən 1986-cı ildə ölkəni tərk etməyə məcbur olub. Əvvəlcə Almaniyaya, Hamburqa köçərək mühacirət həyatı yaşayıb, daha sonra ABŞ-yə gedib.
Rəhman əmimin 98 yaşı var, çənə xərçəngindən əziyyət çəkir. Hazırda yemək yeyə bilmir, amma bütün bu çətinliklərə baxmayaraq, yaradıcılıq eşqi ilə yaşayır. Vaxtilə Şövkət Ələkbərovanı, Zeynəb Xanlarovanı müşayiət edib, AzTV-də çıxışları olub. Bəstələdiyi və ifa etdiyi “Yaşam” ("Zendegi"), “Görüş rəqsi”, “Ayrılıq” və “Küçələrə su səpmişəm” kimi əsərlər musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Musiqinin peşəkar incəliklərini əmimdən öyrənmişəm. Uşaqlıqdan musiqini sevirdim, amma valideynlərim deyirdilər ki, əvvəlcə ali təhsil almalısan. Bir gün əmim təklif elədi ki, gəl, səsini yoxlayım. Qarmonda “Sarı gəlin” mahnısını çaldı. Mahnının sözlərini bilmirdim. Əmim sözləri zümzümə etdikdən sonra mahnını oxudum. İfamdan razı qaldi, dedi, musiqi duyumum, səs imkanlarım var. O, musiqinin bütün incəliklərini mənə öyrədəcəyini və atamın sənətini davam etdirəcəyimi bildirdi.
- Müğənni kimi Azərbaycanla bağlı hər hansı hədəfləriniz varmı?
- Azərbaycan mədəniyyətini çox sevirəm, muğam ifaçısı kimi fəaliyyətimi burada davam etdirəcəm. Azərbaycanda keçirilən bir sıra tədbirlərə dəvət alıram və orada iştirak edirəm. Hətta Qarabağda konsert proqramında da çıxış etmişəm. İldə iki-üç dəfə Azərbaycana gəlirəm. Tədbirlərlə yanaşı, televiziya və radio verilişlıərinə də qatılıram. Burada həyata keçirməyi planlaşdırdığımız bir çox layihələrimiz var. Əməkdar incəsənət xadimi Gövhər Həsənzadənin zəngin yaradıcılığından bəhrələnirəm. Bu əməkdaşlıq yaradıcılığımda estrada janrı baxımından yeni bir səhifə açıb.
Amerikada yaşadığım üçün bəzən danışarkən müəyyən sözləri düzgün tələffüz etməkdə çətinlik çəkirəm. Gövhər xanım bu məsələdə də mənə kömək edir. Hər il doğma Azərbaycana səfər etmək mənim üçün həm yaradıcılıq, həm də ata-baba torpağıma baş çəkmək baxımından çox sevindirici və unudulmazdır.
Muğam sənətinin sirlərini isə Əməkdar artist Sevinc Sarıyevadan öyrənirəm. Ondan onlayn dərs alıram. Sevinc xanımla ATV telekanalında tanış olmuşam. Onun ifa tərzi və səsi çox xoşuma gəlmişdi. Beləliklə, aramızda əməkdaşlıq başladı.

- Qarabağda konsert proqramında iştirak etdiyinizi vurğuladınız. Qarabağda, xüsusilə Laçında olarkən hansı təəssüratları yaşadınız?
- Qarabağa ötən il səfər elədim. Orada keçirilən konsert proqramında iştirak etdim, “Vətənim” və “Sarı gəlin” mahnılarını oxudum. Ümumilikdə, Qarabağda iki-üç dəfə olmuşam. Laçına da getmişəm.
Azərbaycanı çox sevirəm, bura ata-babalarımın yurdudur. İnsanı qan çəkir. Dünyanın müxtəlif yerlərində yaşamışam, amma Azərbaycana gələndə sanki içimdə başqa bir ruh oyanır. İnsanlar çox mehribandırlar. Buraya hər gəlişimdə böyük qürur hissi keçirirəm.
Atam təəssüf ki, Qarabağın azadlığını görmədi, dünyasını dəyişdi. Əmim də Bakıya gəlmək istəyir, amma səhhəti imkan vermir.
- Azərbaycanda Gül Merri adı ilə tanınırsınız...
- Əsl adım Merridir. "Gül" əmimin mənə verdiyi addır. Əmim deyirdi ki, "Sən gül kimisən, qəlbin zülaldır". Mən də onun təklifindən boyun qaçırmadım.
- İrana gedirsinizmi?
- Xeyr. Orada qohumlarımız yoxdur.
- Azərbaycanın hansı müğənnilərinə qulaq asırsınız?
- Zeynəb Xanlarovaya, Rəşid Behbudova, Şövkət Ələkbərovaya... Onları çox sevirəm. Zeynəb Xanlarovanın repertuarından "İnsaf da yaxşı şeydir" mahnısını ifa etmişəm. İndiki sənətkarlardan isə hər birinin öz yolu var. Hələ ki onlarla yaxından tanış deyiləm. İnsanların əhval-ruhiyyəsinə gözəl təsir edən mahnılara üstünlük vermək istəyirəm. Mən həkim olduğuma görə insanların psixologiyasını nəzərə alıram.
- Bəs, hansı mahnılarımızı dinləyirsiniz?
- Rəşid Behbudovu dinləyirəm, atam onun mahnılarını çox dinləyər və zümzümə edərdi. Əmimin bütün əsərlərinə qulaq asıram. Telefonumda bütün mahnıları var. Əmim muğam dəstgahları çalır. O, əsl ustaddır.

- Azərbaycanlılarla amerikalıların dünyagörüşünü, həyat tərzini və dəyərlərini müqayisə etsəniz, hansı fərqli cəhətləri qeyd edərdiniz?
- Fərqlər kifayət qədərdir. Amerikalılar daha soyuqqanlı, azərbaycanlılar isə daha istiqanlı və mehribandırlar. Məsələn, Amerikada qonşuların bir-birini tanımaması adi haldır. Mən öz qonşumu ildə cəmi iki-üç dəfə görürəm və sadəcə salamlaşmaqla kifayətlənirik. Bakıda isə vəziyyət fərqlidir. İnsanlar bir-biri ilə ünsiyyət qurmağa, səmimiyyət göstərməyə daha çox meyillidirlər. Ümumiyyətlə, azərbaycanlıların istiqanlılığı və qonaqpərvərliyi gündəlik münasibətlərdə də özünü göstərir.
- Azərbaycana tez-tez gəlib-gedəcəksiniz?
- Bəli, hazırda muğam dəstgahları üzərində çalışırıq. Gələn il Gövhər Həsənzadənin dəstəyi ilə CD çıxaracam. Bununla yanaşı konsert proqramı ilə çıxış etməyi də planlaşdırırıq. Bakı çox xoşuma gəlir. Hətta Azərbaycanın regionlarına da gedirik. Demək olar ki, regionların çoxunda olmuşam. Növbəti dəfə Şamaxıya gedəcəm. Bakıya gələndə daha çox yaradıcılıq işləri ilə məşğul oluruq.
- Övladlarınız varmı?
- İki oğlum var. Onlar "Hollivud"un məşhur filmlərində kinorejissor kimi çalışırlar.
- Bakıya gəliblərmi?
- Hələ Bakıya gəlməyiblər. Gələn il konsertimə dəvət edəcəm. Həyat yoldaşım dörd il əvvəl vəfat edib. Oğlanlarım məndən ayrı yaşayırlar. Amma məni çox sevirlər. Onlara həm ata, həm ana, həm də dost olmuşam.
- Bakıya budəfəki gəlişinizin səbəbi nədir?
- Azərbaycana gələndə mənim ruhum dincəlir. Həm yaradıcılıq fəaliyyətimi davam etdirirəm, həm də ata-babalarımın yurduna baş çəkirəm. Mütləq Bakıda ev alacağıq...