BAKI, 20 oktyabr. TELEQRAF
Azərbaycanın Miqrasiya Məcəlləsinə aqroparkların fəaliyyətinə aid yeni müddəanın əlavə edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, Məcəllənin 64-cü maddəsinə 64.0.19-1-ci maddənin əlavə edilməsi nəzərdə tutulur. Yeni müddəa aqropark rezidentlərinin rəhbər vəzifəli şəxslərini, eləcə də onların işə cəlb etdiyi müəyyən aqrar mütəxəssisləri əhatə edir.
Təklif olunan qaydaya əsasən, aqropark rezidenti hüquqi şəxs olduqda onun rəhbəri və müavinləri, həmçinin müvafiq sahədə təcrübəsi olan aqronomlar, bağçılıq üzrə mütəxəssislər və baytar həkimlər üçün iş icazəsinin alınması tələb olunmayacaq.
Layihə ilə Məcəllənin 45.1.7-1-ci maddəsinə də uyğunlaşdırıcı dəyişiklik edilməsi nəzərdə tutulur. Bu dəyişiklik həmin şəxslərin müvəqqəti yaşamaq üçün icazə alması ilə bağlı müvafiq müddəalara istinadların genişləndirilməsini əhatə edir.
Qanun layihəsinin 2027–2032-ci illər ərzində qüvvədə olması təklif edilir.