BAKI, 20 oktyabr. TELEQRAF
“Husilər Səudiyyə Ərəbistanında mülki infrastrukturu hədəfə alan hava hücumlarını əhəmiyyətli dərəcədə artırıblar. 10-11 oktyabr tarixlərində paytaxt Ər-Riyadın beynəlxalq hava limanına ardıcıl iki hücum baş verib, 12 nəfər ölüb, 300 nəfər yaralanıb”.
Teleqraf xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, Səudiyyə Ərəbistanının artan hücumlar fonunda Türkiyə və Pakistanla avqust ayında imzaladığı Məkkə Sazişindən gözləntisi artıb:
“Səudiyyə Ərəbistanının hava müdafiə sistemlərinə ehtiyacı var. Ər-Riyadın bir başqa gözləntisi ABŞ-nin Səudiyyə Ərəbistanına və Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə hərbi yardımı genişləndirməsidir. Bu istiqamətdə də irəliləyiş yoxdur. Vaşinqton Səudiyyə Ərəbistanına hərbi dəstək əvəzinə Məkkə Müdafiə İttifaqının işə düşməsində maraqlıdır.

Ankara ehtiyatlı mövqedədir. Türkiyənin modern pilotsuz təyyarələri, elektron müharibə təcrübəsi təcrübəsi olsa da, bu ölkənin təhlükəsizlik prioritetləri Suriya və İraqdan Şərqi Aralıq dənizinə qədər uzanır. Pakistan Səudiyyə Ərəbistanına hərbçilərini və qırıcı təyyarələrini göndərsə də, husilərə qarşı savaşda iştirak etmək istəmir. İslamabad Qərb mediasının Yəmənin hökumət tərəfindən idarə olunan ərazilərində Pakistan qoşunlarının olması barədə xəbərlərini inkar edib. Pakistanın daxilindəki problemlər, İran və Hindistanla sərhədlərdə davamlı gərginlik İslamabadın Səudiyyə Ərəbistanına davamlı hərbi dəstək ehtimalının yüksək olmadığını göstərir”.
Elxan Şahinoğlu vurğulayıb ki, Səudiyyə Ərəbistanı qlobal enerji bazarlarında əvəzolunmaz oyunçu olaraq qalır:
“İranın Hörmüz boğazını nəzarətdə saxlamaq istəyi və bu bölgədən enerji resurslarının nəqli imkanlarının azalması neftin Səudiyyə Ərəbistanı ərazisindəki kəmərlə Qırmızı dənizə çıxışı vacib alternativə çevrilib. Bu boru kəmərinin ötürmə qabiliyyəti oktyabrın əvvəlində gündə təxminən 5,8 milyon barelə çatıb. Məsələn, Hörmüz boğazında gündəlik daşınan neftin həcmi bundan azdır. Ancaq husilər Səudiyyə Ərəbistanından keçən boru xəttini də hədəfə alıblar. Sentyabrın sonlarında dron hücumları kəmərin müvəqqəti bağlanmasına səbəb olub. Husilər Səudiyyə Ərəbistanının enerji obyektlərinə də hücumlarını davam etdirirlər.
Vaşinqtonun husilərlə mübarizədə Ər-Riyada hərbi dəstək verməməsi, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanını İbrahim Sazişlərinə qoşması ehtimalını azaldıb. Digər tərəfdən, iyulda imzalanmış və avqustda Konqresin nəzərdən keçirilməsi üçün təqdim edilmiş ABŞ-Səudiyyə Ərəbistanı mülki nüvə əməkdaşlığı müqaviləsinin reallaşması da sual altındadır. Husilərin Səudiyyə Ərəbistanına hücumları bu ölkədə gələcək nüvə mərkəzlərinin təhlükəsizliyi üçün təhdiddir”.