BAKI, 20 avqust. TELEQRAF

Azərbaycanın turizm və rekreasiya zonalarında həyata keçiriləcək bəzi investisiya layihələri üzrə sahibkarların manatla götürdükləri kreditlərin faizlərinin subsidiyalaşdırılması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.

Belə ki, turizm və rekreasiya zonalarının ərazisində mehmanxanalarda (hotellərdə) və digər yerləşmə vasitələrində xidmət göstərilməsi, sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların fəaliyyətinə, konqreslərin və peşəkar salonların təşkili işinə dair investisiya layihələri çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyaları veriləcək.

Layihə çərçivəsində subsidiyalar dövlət büdcəsindən “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC-yə (ABİF) ayrılan vəsait çərçivəsində həmin Cəmiyyət vasitəsilə veriləcək.

Layihə üzrə əsas icraçı orqanlar Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və ABİF, digər icraçı isə Dövlət Turizm Agentliyidir.