BAKI, 9 iyul. TELEQRAF

Azərbaycanda turizm sektorunun böyüməsi və şaxələndirilməsi üçün yeni imkanlar formalaşdırılmalıdır.

Bu barədə Teleqraf-a açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays deyib.

“Məsələn, müəyyən turizm istiqaməti inkişaf etdirilirsə, peşəkar bələdçilərə ehtiyac yaranacaq. Turistlər gəlirsə, onlar restoranlarda yemək də istəyəcəklər. Buna görə də yüksək səviyyədə xidmət göstərə bilən restoran işçilərinə ehtiyac olacaq. Bu da cəlb ediləm turist profilindən asılıdır.

Bacarıqların artırılması və peşəkar kadrların hazırlanması hökumətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Dünya Bankı isə indiyədək bu istiqamətdə o qədər də fəal işləməyib.

Bizim Məşğulluğa Dəstək Proqramımız var. Bu proqram mikrobizneslərin yaradılmasına dəstək göstərmək və müxtəlif növ dəstək mexanizmlərini təmin etmək məqsədi daşıyır. Lakin bu sahədə müdaxilələrimiz məhdud olub”.