LƏNKƏRAN, 9 sentyabr. TELEQRAF
Dövlət Turizm Agentliyinin təşkilatçılğı ilə Lənkərana 2 günlük mediatur çərçivəsində jurnalistlər "Nilado" çay plantasiyasını ziyarət ediblər.
Teleqraf xəbər verir ki, "Nilado" çay plantasiyası Lənkəran rayonunun İstisu qəsəbəsində yerləşir.
Burada qeyd edilib ki, plantasiyanın yerləşdiyi ərazi ən məşhur və mənzərəli aqroturizm məkanlarından biridir. Bura həm yerli çay istehsalı, həm də turistlər üçün maraqlı istirahət infrastrukturu ilə tanınır.
Ziyarətçilər burada 20-dən çox fərqli çay növünü dada və bəyəndikləri məhsulları (məsələn, "Qarabağ" və "Xan" çay kolleksiyalarını, təbii gül çaylarını) satın ala bilərlər. Həmçinin çay fabriki burada yerləşdiyi üçün çayın emalı prosesini də izləmək mümkündür.
O da vurğulanıb ki, turistlər çay bağlarında gəzintiyə çıxa, milli geyimlər kirayələyərək fotosessiyalar etdirə və çay yığımında birbaşa iştirak edə bilərlər.