Azərbaycanda aqroparkların cəlb etdiyi əcnəbi bağçılıq mütəxəssislərinin iş icazəsi almadan çalışmasına şərait yaradılması təklif edilir.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Bu məsələ “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, aqropark rezidenti tərəfindən Azərbaycanda əmək fəaliyyətinə cəlb olunan bağçılıq üzrə mütəxəssislər müvafiq sahədə təcrübəyə malik olduqları halda iş icazəsinin alınması tələb olunmayan şəxslər kateqoriyasına daxil ediləcəklər.

Təklif eyni zamanda təcrübəli aqronomları və baytar həkimləri də əhatə edir.

Qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək tətbiqi planlaşdırılır.