BAKI, 20 oktyabr. TELEQRAF
Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası və ya digər üzrlü səbəblərdən məhkəməyə dərhal gələ bilməməsi inzibati xəta işlərinə baxılma müddətinin dəyişdirilməsi ilə bağlı təklifdə nəzərə alınıb.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, hərbi qulluqçunun məhkəməyə dərhal gəlməsi mümkün olmadıqda, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun isə məhkəməyə gətirilməsi mümkün olmadıqda, barəsində inzibati həbs nəzərdə tutulan inzibati xəta işinə Məcəllənin 111.1-ci maddəsində müəyyən edilmiş müddətdə baxılması təklif olunur.
Həmin maddəyə əsasən, inzibati xəta haqqında iş, bir qayda olaraq, protokol və digər materiallar alındıqdan sonra 15 gün ərzində araşdırılır. Təklif hərbi xidmətin xüsusiyyətlərinin nəzərə alınmasına yönəlib.