BAKI, 24 iyun. TELEQRAF

2026-cı ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İrəli sürülən fikirlərə görə, bunun əsas səbəblərindən biri otel və ictimai iaşə obyektlərində qiymətlərin yüksək olmasıdır.

Məsələ ilə bağlı Teleqraf-a danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirib ki, turist sayının azalmasına müxtəlif amillər təsir göstərir:

“Düşünürəm ki, bu, ilk növbədə geosiyasi vəziyyətlə bağlıdır. Söhbət Azərbaycanın turist cəlb etdiyi ölkələrdə baş verən sosial-iqtisadi, siyasi proseslərdən gedir. Məsələn, il ərzində Rusiyadan xeyli sayda turist qəbul edirik. Hazırda orada yanacaq qıtlığı yaşanır, müharibə iri şəhərlərə qədər sirayət edib. Son dövrlərdə ərəb və körfəz ölkələrində də müəyyən gərginlik müşahidə olunur. İranda baş verən hadisələr və Azərbaycanın bu ölkə ilə coğrafi yaxınlığı da turistlərin regiona səfərlərinə təsir göstərir”.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycana gələnlərin 27,2%-i Rusiya, 22%-i Türkiyə, 8,4%-i İran, 5%-i Gürcüstan, 4,5%-i isə Qazaxıstan vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 13,3%, MDB ölkələrindən gələnlərin sayı isə 3% artıb. Körfəz ölkələrindən gələn turistlərin sayı isə 31,6% azalıb. Göründüyü kimi, illərdir Azərbaycanı turistlə təmin edən korfəz ölkələrində eskalasiyalar bu dövlətlərdən gələnlərin sayını azaldıb.

Dövlət Turizm Agentliyinin məlumatlarında da maraqlı faktlar var. Agentliyə görə, 2026-cı ilin birinci rübündə İrandan Azərbaycana gələn turistlərin sayı 13,8%, Rusiyadan gələnlərin sayı isə 0,1% azalıb. Eyni zamanda Azərbaycanın əsas tərəfdaş ölkələrindən turist axınında artım qeydə alınıb. Belə ki, Türkiyədən gələnlərin sayı 13,5%, Gürcüstandan gələnlərin sayı 0,6%, Qazaxıstandan gələnlərin sayı isə 8,3% artıb.

Qiymətlər turistlərin ciblərinə uyğun deyil

Samir Dübəndi hesab edir ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə ehtiyac var:

“Mədəniyyət, iqtisadiyyat və dövlətçilik sahələrində əlaqələrimiz sürətlə inkişaf edir. Lakin turizm sahəsində əməkdaşlıq bu tempdən geri qalır. Buna görə də tərəfdaşlığın daha da gücləndirilməsi vacibdir.

TDT məkanında Azərbaycan üçün maraqlı bazarlar mövcuddur. Bunlardan biri Türkiyədir. Doğrudur, Türkiyədən turist cəlb etmək asan deyil. Çünki bu ölkənin vətəndaşları üçün həm daxildə, həm də yaxın regionlarda kifayət qədər alternativ istiqamətlər var. Onları Azərbaycana cəlb etmək üçün əlavə maraq sahələri yaratmaq lazımdır.

Bizim üçün perspektivli bazarlardan biri də Özbəkistandır. Bu ölkə mədəniyyət, dil və dini baxımdan Azərbaycana yaxındır. Özbəkistanda Azərbaycana maraq olsa da, ölkəmizə gələn turistlərin sayı gözlənilən səviyyədə deyil. Bunun səbəblərindən biri qiymətlərin onların imkanlarına uyğun olmaması ola bilər. Özbəkistanda da iqtisadi vəziyyət dəyişib və insanlar müəyyən çətinliklərlə üzləşirlər. Əgər mövcud qiymətlər və xidmət çeşidləri ilə istənilən turist axınına nail ola bilmiriksə, deməli, ya qiymət siyasətində, ya xidmət çeşidində, ya da keyfiyyətdə problemlər mövcuddur. Bu məsələlər bir-biri ilə sıx bağlıdır və onların üzərində işləmək lazımdır”.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin yaranmış vəziyyətə münasibəti daha "optimistdir". Qurumun sədri Fuad Nağıyev hesab edir ki, turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə qiymətləndirilmir. Onun fikrincə, əqsəd təkcə turizmi inkişaf etdirmək deyil, onun dayanıqlı inkişafını təmin etməkdir:

"Hazırda turizm sahəsində uğurun ölçülməsi meyarları dəyişir. Azərbaycanın əsas məqsədi zəngin təbii və mədəni irsini yalnız təqdim etmək deyil, həm də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir".

Blogerlərə xərclənən milyonlar

Qeyd edək ki, Dövlət Turizm Agentliyi Azərbaycanın turizm potensialının xarici auditoriyaya tanıdılması müxtəlif tədbirlərə illərdir milyonlarla manat xərcləyir. Məsələn, agentlik təkcə bu ilin əvvəlindən İspaniya, İtaliya Fransa, Polşa, Çexiya, Macarıstan, Yunanıstan, Avstriya, İsveçrə Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə, Yaponiya, Pakistan, Bəhreyn, Misir, Kuveyt, Oman, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, İsrail, Rusiya və Belarusiyadan olan blogerlər, jurnalistlər və turizm şirkətlərinin nümayəndələri üçün tanışlıq səfərlərinin təşkili məqsədilə "Vata" və "Vega Travel Management" MMC-lərlə 2,2 milyon manat dəyərində müqavilələr bağlayıb.

Bununla yanaşı, Azərbaycanın turizm imkanlarının beynəlxalq səviyyədə təşviqi və təbliği üçün digər şirkət və təşkilatlarla da müqavilələr imzalanıb. Cari ilin ilk yarısında bu istiqamətdə həyata keçirilən layihələrin ümumi dəyəri isə 3,6 milyon manatdan çox olub. Bəs nə dəyişib? 6 milyon manata yaxın vəsaitin fonunda ölkəyə gələn turistlərin sayı 11% azalıb.