LƏNKƏRAN, 9 sentyabr. TELEQRAF
Dövlət Turizm Agentliyinin təşkilatçılğı ilə 2 günlük mediatur çərçivəsində jurnalistlər Lənkəran Tarix Diyarşünaslıq Müeyini ziyarət ediblər.
Teleqraf xəbər verir ki, ziyarət zamanı muzey əməkdaşları 1924-cü ildən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi rəsmi olaraq fəaliyyətə başladığını qeyd ediblər.
Bildirilib ki, 1991-ci ildən Lənkəran Tarix-Diyarşünaslıq muzeyi Mir Əhməd xanın yaşayış evinə köçürülüb və bugünədək fəaliyyətini davam etdirir. Muzeydə 6560 ədəd tarixi eksponat var və onların hamısı Lənkəranın zəngin tarixini, mədəniyyətini adət-ənənələrini əks etdirir. Eksponatlar içərisində daş dövrünə aid sümükdən hazırlanmış bıçaqlar, həvəngdəstə, çəkiclər, tunc dövrünə aid silahlar və qadın bəzək əşyaları, VII–XII əsrlərə aid heç vaxt rəngi solmayan boyalı saxsı qablar, qoç fiqurlu qəbir daşları diqqəti cəlb edir. VIII–IX əsrlərə aid memarlıq abidəsi — Bəlləbur qalasının tikinti materialları nümunələri, qaladan tapılmış məişət əşyaları xüsusi maraq doğurur.
Ekspozisiyada nümayiş etdirilən misgərlik nümunələri, əmək və məişət əşyaları da orta əsrlərə aiddir. Muzeyin qədim eksponatlarından olan mis manqal XIX əsrə aiddir və evi qızdırmaq üçün istifadə olunurmuş. Bu manqal cızma naxışlarla bəzədilib. Şarlı lampalar isə qızların cehizi olub. Gümüşdən hazırlanmış bəzək əşyaları, kəmər və toqqası, ətirqabılar Lənkəran zərgərlərinin əl işlərinə aiddir.
Muzey əməkdaşları bidiriblər ki, muzeyin nümayiş otaqlar 10 şöbədən ibarət olub müxtəlif dövləri əhatə edir.