BAKI, 20 oktyabr. TELEQRAF
Aqroparkların əmək fəaliyyətinə cəlb etdiyi əcnəbi baytar həkimlərin iş icazəsi almadan çalışması ilə bağlı yeni hüquqi tənzimləmə təklif edilir.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, aqropark rezidenti tərəfindən Azərbaycanda işə cəlb olunan və müvafiq fəaliyyət sahəsində təcrübəsi olan baytar həkimlər iş icazəsinin alınması tələb olunmayan şəxslər sırasına əlavə ediləcək.
Layihədə aqronomlar və bağçılıq üzrə mütəxəssislər üçün də eyni yanaşma nəzərdə tutulur.
Bununla aqroparkların müəyyən ixtisaslar üzrə təcrübəli xarici kadrları cəlb etməsi üçün hüquqi imkanların genişləndirilməsi planlaşdırılır.
Təklif olunan dəyişikliklər 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olacaq.