BAKI, 7 oktyabr. TELEQRAF
“Diri-Baba” türbəsinin qarşısında yerləşən məzarın üzərində türbə formasında yeni infrastrukturun yaradılması nəzərdə tutulur.
Teleqraf-ın Qobustana ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə “Diri Baba” abidə kompleksinin direktoru Yusif Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu istiqamətdə işlərə artıq başlanılıb:
“Layihənin başa çatdırılmasının təxminən bir il ərzində mümkün olacağı gözlənilir”.
Y.Məmmədov əlavə edib ki, daha əvvəl abidə arxeoloji araşdırmalara cəlb olunub:
“1636-cı ildə buranı ziyarət edən alman səyyahı Adam Olearinin çəkdiyi qravürdə “Diri-Baba” türbəsinin qarşısında başqa bir abidənin olduğu görünür. Diri Baba adlı şeyxin orada dəfn olunduğu ehtimal edilərək 2022-ci ildə həmin ərazidə arxeoloji qazıntılar aparılıb.
Qazıntılar zamanı müsəlman qaydasında dəfn edilmiş skelet aşkarlanıb. Avstriyadan dəvət olunmuş antropoloqlar tərəfindən aparılan ekspertiza nəticəsində müəyyən edilib ki, həmin şəxs Diri Baba deyil, XVI əsrdə, təxminən 1510–1530-cu illərdə yaşamış yerli şeyxlərdən biridir”, - deyə Y.Məmmədov bildirib.