BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycanda aqrar sahədə çalışan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı miqrasiya qanunvericiliyinə dəyişiklik edilməsi təklif olunur.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, aqroparkların rezidentləri tərəfindən əmək fəaliyyətinə cəlb edilən müəyyən mütəxəssislərin iş icazəsi almadan fəaliyyət göstərməsinə imkan yaradılması nəzərdə tutulur.

Layihəyə əsasən, müvafiq sahədə təcrübəsi olan aqronomlar, bağçılıq üzrə mütəxəssislər və baytar həkimlər iş icazəsinin alınması tələb olunmayan şəxslər sırasına daxil ediləcək.

Eyni zamanda, aqropark rezidenti hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin də bu kateqoriyaya aid edilməsi təklif olunur.

Dəyişikliklərin 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olması nəzərdə tutulur.