BAKI, 20 oktyabr. TELEQRAF
Azərbaycanda aqroparkların cəlb etdiyi müəyyən xarici mütəxəssislər üçün iş icazəsi ilə bağlı güzəştlərin beş il müddətində tətbiqi təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə əsasən, dəyişikliklər 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olacaq.
Layihə aqropark rezidentlərinin rəhbər vəzifəli şəxslərini, eləcə də təcrübəli aqronomları, bağçılıq üzrə mütəxəssisləri və baytar həkimləri əhatə edir.
Təklifə əsasən, həmin şəxslərin müəyyən şərtlərlə iş icazəsi almadan əmək fəaliyyəti göstərməsinə imkan yaradılacaq.
Dəyişikliklər aqrar sahədə ixtisaslı kadrların cəlb olunması ilə bağlı hüquqi mexanizmlərin müəyyən müddət ərzində genişləndirilməsini nəzərdə tutur.