BAKI, 20 oktyabr. TELEQRAF
Azərbaycanda aqropark rezidentlərinin rəhbərləri və rəhbər müavinləri üçün iş icazəsi tələbinin aradan qaldırılması təklif olunur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində aqroparkın rezidenti hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin iş icazəsi alınması tələb olunmayan şəxslər kateqoriyasına daxil edilməsi nəzərdə tutulur.
Hazırda layihə ilə aqropark rezidentləri tərəfindən əmək fəaliyyətinə cəlb edilən təcrübəli aqronomların, bağçılıq mütəxəssislərinin və baytar həkimlərin də bu kateqoriyaya əlavə olunması təklif edilir.
Dəyişikliklər qəbul ediləcəyi təqdirdə, 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək qüvvədə olacaq.
Layihə aqroparklarla bağlı müəyyən kateqoriyalara aid əcnəbilərin əmək fəaliyyəti və müvəqqəti yaşaması üzrə hüquqi çərçivənin genişləndirilməsini nəzərdə tutur.