BAKI, 5 avqust. TELEQRAF
ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Europa Clipper” kosmik aparatı Yupiter ətrafında missiyasını davam etdirir.
Teleqraf xəbər verir ki, missiyanın əsas məqsədi Yupiterin peyki Avropanın buz qatının altında yerləşən okeanda həyat üçün əlverişli şəraitin olub-olmadığını araşdırmaqdır.
Elm adamlarının sözlərinə görə, Avropanın qalın buz təbəqəsinin altında Yer kürəsinin bütün okeanlarında olan sudan iki dəfədən çox su ehtiyatına malik nəhəng okean mövcuddur. Amma yeni araşdırma bu ehtimala şübhə ilə yanaşmağa əsas verir.
ABŞ-nin Rütgers Universitetinin alimləri kompüter modelləşdirməsi vasitəsilə müəyyən ediblər ki, okeandan səthə doğru buz çatları ilə yüksələn su çox sürətlə donur. Su istiliyini itirir, xırda buz kristalları əmələ gətirir və bu kristallar qısa müddətdə çatları bağlayır.
Nəticədə su səthə yaxın təbəqələrə çatmır. Bu isə o deməkdir ki, “Europa Clipper” Avropanın səthinə yaxın maye su aşkar edərsə, onun böyük ehtimalla dərin okeandan yüksələn su deyil, buz qatının daxilində baş verən lokal ərimə prosesləri nəticəsində yaranmış su olduğu qənaətinə gəlinəcək.