BAKI, 13 mart. TELEQRAF
ABŞ Kosmos Agentliyi (NASA) aprelin 1-də “Artemis II” missiyasını işə salmağı planlaşdırır. Bu missiya “Apollo” proqramından sonra Aya ilk pilotlu uçuş olacaq. Son belə uçuş 1972-ci ildə baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Agentliyin nümayəndələri martın 12-də uçuşa hazırlıq sınaqlarının tamamlandığını açıqlayıblar. Bundan sonra raket martın 19-da start meydançasına qaytarılacaq və burda son hazırlıq işləri aparılacaq.
10 günlük missiyanın ilkin olaraq aprelin 1-də ABŞ-nin şərq vaxtilə saat 18:24-də başlaması planlaşdırılır. Ehtiyat tarixi aprelin 2-si saat 19:22 olaraq müəyyən edilib.
NASA nümayəndəsi Lori Qleyz deyib ki, bütün komandalar raketin start meydançasına gətirilməzdən əvvəlki hazırlıq işlərinin tamamlanmasından sonra işə salınması qərarını dəstəkləyiblər. Onun sözlərinə görə, missiya test xarakteri daşıyır və risklərdən məhrum deyil, amma komanda və texnika tam olaraq uçuşa hazırdır.
“Artemis II” missiyasının başlanması fevralın əvvəlinə planlaşdırılsa da, sınaq uçuşu zamanı yanacaq sızmalarının aşkar olunması səbəbindən təxirə salınıb. Ayın sonunda mühəndislər helium sızmasını da qeydə alıblar. Raket (SLS) bundan sonra buraxılış meydançasından kosmik vasitələrin yığılması mərkəzinə qaytarılıb və təmir işləri aparılıb. Artıq işlər tamamlanıb.
“Artemis II” missiyasının idarə heyətinin rəhbəri Con missiyanın uğurlu olacağını düşünür. O əlavə edib ki, mühəndislər riskləri diqqətlə təhlil edir, onları azaldır və lazım olan nəzarət tədbirlərini görürlər.
NASA həmçinin raketin buraxılışdan əvvəl sınaq yanacaqdoldurma keçirməmək qərarına gəlib. Agentlik növbəti tam yanacaq doldurulmasının buraxılış günündə baş tutmasını istəyir.
“Artemis” proqramı 2017-ci ilin dekabrında, Donald Trampın birinci prezidentlik dövründə başladılıb. “Artemis II” heyətinə dörd astronavt daxildir: amerikalılar Rid Rayzman, Viktor Qlover və Kristina Kox, həmçinin kanadalı Ceremi Hansen.
Astronavtlar Ayın ətrafında uçub Yer kürəsinə qayıdacaqlar və bu, tarixdə insanın kosmosa ən uzaq uçuşu olacaq.
NASA həmçinin növbəti missiyaları – “Artemis III”, “Artemis IV” və “Artemis V” proqramlarını həyata keçirməyi planlaşdırır. Xüsusilə, “Artemis IV” və “Artemis V” missiyaları ilə astronavtların birbaşa Ayın səthinə enişi planlaşdırılır.