BAKI, 8 aprel. TELEQRAF

Yaponiya texnologiya nəhəngi “Kawasaki” robot texnika sahəsində yeni layihəsi ilə gündəmdədir.

Teleqraf xəbər verir ki, şirkət təkcə yerişi ilə deyil, həm də insan daşıma qabiliyyəti olan dördayaqlı robotu “Corleo”nu təqdim edib.

Həm sənayedə, həm də gündəlik həyat üçün hazırlanan yüksək texnologiyalı robot çətin ərazilərdə effektiv hərəkətlilik göstərir.

“Corleo”nun ən diqqət çəkən xüsusiyyəti hidrogen yanacağı ilə işləməsi və insanları daşıyacaq qədər güclü bir quruluşa sahib olmasıdır. Robot güclü mühərrik sistemləri sayəsində yetkin insanı təhlükəsiz şəkildə daşıya bilir.

Robot qabaqcıl sensorlar və süni intellekt alqoritmləri sayəsində ətrafını qavrayır və maneələri ustalıqla dəf edir. “Corleo” axtarış-xilasetmə, yük daşıma və şəxsi hərəkətlilik kimi bir çox sahədə istifadə üçün nəzərdə tutulub.

“Kawasaki” bəyan edib ki, “Corleo” gələcəkdə yaşlı insanlar və ya hərəkət qabiliyyəti məhdud olanlar üçün şəxsi nəqliyyat vasitəsi olmaq potensialına da malikdir. Şirkət rəsmiləri robotun hələ də inkişaf mərhələsində olduğunu və yaxın gələcəkdə əlavə sınaqlardan keçəcəyini açıqlayıb.