BAKI, 27 mart. TELEQRAF

Polşa əsilli ABŞ vətəndaşı atasının çəkdiyi xəritədən istifadə edərək, Ukraynada ailəsinə məxsus xəzinəni tapıb.

Teleqraf xəbər verir ki, bu barədə Amerikanın “WECB Radio” radiostansiyası xəbər yayıb.

Məlumata görə, 72 yaşlı Yan Qlazevskinin valideynləri II Dünya müharibəsindən əvvəl o vaxt Polşanın tərkibində olan Lvovda yaşayıblar. Savaş başlayandan sonra ailə dəyərli əşyalarını evlərinin yaxınlığındakı meşədə basdırıblar və sonradan ABŞ-yə köçüblər.

Uzun illərdən sonra ata oğluna xəzinənin basdırıldığı yeri göstərən evdə hazırlanmış xəritə verib. 2019-cu ildən Qlazevski Lvovda qiymətli əşyaları tapmağa çalışır. Ev dağılmış olsa da, xəritənin köməyi ilə məkanın təməlləri tapılıb.

Nəticədə amerikalı anasının zinət əşyaları, ailəsinin baş hərfləri həkk olunan qaşığı və digər şəxsi əşyaların olduğu gizli qutunu tapıb.

Qlazevski bildirib ki, atasına verdiyi vədi yerinə yetirdiyi üçün özünü çox xoşbəxt hiss edir.