BAKI, 17 mart. TELEQRAF.

ABŞ Prezidenti Donald Trampın fərmanından sonra işə qayıdan NASA əməkdaşları qərargahlarında tarakan hücumu və masa çatışmazlığı ilə üzləşiblər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Yanvarın 20-də, inauqurasiyadan sonra Tramp pandemiyadan sonra onlayn fəaliyyət göstərən bütün federal işçilərə ofislərinə qayıtmağı əmr edən sərəncam imzaladı.

NASA-nın ABŞ paytaxtında yerləşən qərargahının əməkdaşları ötən ay işə qayıdanda ofislərinin döşəmələrində tarakanlar və başqa həşəratlarla qarşılaşıblar. Agentlik həmçinin yazıb ki, masa çatışmazlığı səbəbindən əməkdaşların çoxu ayaqüstə işləməli olub.