BAKI, 16 mart. TELEQRAF

Yeni araşdırmaya görə, aspirin xərçəng hüceyrələrinin immun sistemindən gizlənmək üçün istifadə etdiyi müdafiə mexanizmini zəiflədə bilər.

Teleqraf xəbər verir ki, "Nature" jurnalında dərc edilən araşdırmaya görə, aspirin xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşısını almaqda kömək edə bilər.

Aspirinin bağırsaq xərçəngi riskini azaltdığı ilk dəfə 1988-ci ildə müəyyən olunub. Lakin bunun hansı səbəbdən baş verdiyi məlum deyil.

Kembric Universitetində aparılan son araşdırma isə aspirinin təsir mexanizmini açıqlayıb. Araşdırmaya əsasən, aspirin metastaz prosesinə, yəni xərçəng hüceyrələrinin orqanizmə yayılmasına qarşı bədənin müdafiə qabiliyyətini artırır.

Metastaz hazırda xərçəngdən baş verən ölüm hallarının əsas səbəbi sayılır.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, aspirin tam müalicə deyil və uzunmüddətli istifadə daxili qanaxma riskini artıra bilər.