
BAKI, 11 mart. TELEQRAF
Piylənmə ciddi sağlamlıq riski yaradır və bir çox xəstəliklərə səbəb olur. Bu problem getdikcə daha ciddi hal alır. Ölkəmizdə hər üç nəfərdən biri piylənmədən əziyyət çəkir.
Teleqraf xəbər verir ki, araşdırmalara görə, dünyada 1 milyarddan çox insan piylənmədən şikayət edir.
2022-ci il məlumatlarına əsasən, bu insanların təxminən 880 milyonu böyüklər, 159 milyonu isə uşaqlardır. 1990-cı ildən bəri uşaq və yeniyetmələr arasında piylənmə halları dörd qat artıb.
Ümumi cərrah, professor Alihan Gürkan piylənmənin təhlükələrindən danışıb. O, "fast food" istehlakının artması, nizamsız qidalanma və oturaq həyat tərzi səbəbindən piylənmə nisbətlərinin yüksəldiyini nəzərə çatdırıb.
1990-cı ildən bəri dünyada böyüklərdə piylənmə iki dəfədən çox artıb. Piylənmə yalnız xarici görünüş problemi deyil, eyni zamanda ciddi sağlamlıq riskləri yaradan amildir.
Professor Gürkan bildirir ki, piylənmə ürək xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq, yüksək xolesterin, qaraciyər xəstəlikləri, yuxu apnesi, bəzi xərçəng növləri, sonsuzluq və depressiya riskini gücləndirir.
Piylənməyə irsi, fizioloji və ətraf mühit faktorları, qeyri-sağlam pəhriz, fiziki fəaliyyətin azlığı və idman vərdişlərinin yoxluğu səbəbindən ortaya çıxa bilər. Piylənmə 2-ci tip diabet və ürək xəstəlikləri riskini artırır, sümük və reproduktiv sağlamlığa təsir edir. Bəzi xərçəng növləri də piylənmə ilə əlaqələndirilir.
Piylənmə ümumi həyat keyfiyyətini aşağı salır və ciddi sağlamlıq problemlərinə yol açır. Bu səbəbdən düzgün qidalanma, müntəzəm fiziki fəaliyyət və sağlam həyat tərzi piylənmənin qarşısını almaq üçün vacibdir.