BAKI, 10 mart. TELEQRAF

"Qantas" aviaşirkətinin pilotu reys zamanı qəfildən sinəsində ağrı hiss edib və defibrilyator gətirilməsini istəyib.

Teleqraf xəbər verir ki, məlumatı News.com.au portalı yayıb.

Hadisə martın 10-da baş verib. Avstraliya daxilində - Brisbendən Sidneyə uçan təyyarənin komandiri özünü yaxşı hiss etmədiyini deyib. İdarəetməni ikinci pilоt öz üzərinə götürüb, təcili eniş tələb edib və dispetçerə təcili yardıma ehtiyac olduğunu bildirib.

Nəticədə hava gəmisi Sidney aeroportunda uğurla eniş edib, 127 sərnişin və 6 ekipaj üzvü zərər çəkməyib.

Xoşbəxtlikdən, difibrilyatora ehtiyac qalmayıb. Pilota enişdə tibb işçiləri yardım göstəriblər, sonra isə onu xəstəxanaya aparıblar.