
BAKI, 7 aprel. TELEQRAF
Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi haqqında Nazirlər Kabineti qərar qəbul edib.
Teleqraf xəbər verir ki, qərara əsasən, “Qırmızı Körpü” və “Samur” dövlət sərhədindən buraxılış məntəqələrinin genişləndirilməsi, sərhədkeçmə proseslərinin optimallaşdırılması və sürətli keçidin təmin edilməsi, o cümlədən milli və iqtisadi təhlükəsizlik nəzərə alınmaqla sərhəd və gömrük nəzarətinin daha səmərəli təşkili məqsədilə Qazax rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 0,49 hektar və Qazax rayonu Şıxlı Bələdiyyəsinin mülkiyyətində 5,53 hektar, Qusar rayonunun inzibati ərazisində dövlət mülkiyyətində 8,27 hektar və Qusar rayonu Samur Bələdiyyəsinin mülkiyyətində 2,752 hektar olmaqla, ümumilikdə dövlət mülkiyyətində olan 8,76 hektar torpaq sahəsi üzərində istifadə hüququnu və bələdiyyə mülkiyyətində olan 8,282 hektar torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan Dövlət Gömrük Komitəsi müəyyən edilib.
Həmçinin Dövlət Gömrük Komitəsi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahələri üzərində istifadə hüququnun və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirəcək və bu barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.