BAKI, 7 aprel. TELEQRAF

"Buraxılan qoldan sonra komanda ayıldı və yaxşı oyun nümayiş etdirdi".

Teleqraf xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov səfərdə "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXIX tur matçından sonra CBC Sport kanalına verdiyi fleş müsahibə deyib.

36 yaşlı mütəxəssis komandasının matça pis başladığını bildirib: "Oyunun ilk 15-20 dəqiqəsinə oyuna pis başladıq. Qapımızda qol gördük, amma sayılmadı. Bu, bir siqnal idi. Ona baxmayaraq bir dəqiqə sonra qapımıza penalti təyin olundu. Buraxılan qoldan sonra komanda ayıldı və yaxşı oyun nümayiş etdirdi. Məğlub olmağımıza baxmayaraq, komandama təşəkkür edirəm".

O, komandasının son nöqtəni qoymaqda problem yaşadığını deyib: "Çətinlik çəkdik. Bir neçə real qol şanslarımız oldu, amma alınmadı. İnanıram ki, növbəti oyunda bunun bəhrəsini görəcəyik".

Qeyd edək ki, Vaqif Cavadov oyundan sonra keçirilən mətbuat konfransında iştirak etməyib. O, konfransda jurnalistlərin olmamasını səbəb göstərib.