BAKI, 7 aprel. TELEQRAF
Azərbaycan milli komandasının 3 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, hər üç idmançı rəqiblərinə uduzaraq finala yüksələ bilməyib.
57 kq-da mübarizə aparan İslam Bazarqanov 1/2 finalda Dünya Güləş Birliyi bayrağı altında yarışan rusiyalı Naçın Monquşla 0:5 hesabı ilə məğlub olub. O, aprelin 8-də bürünc medal uğrunda güləşəcək. Rəqib İvaylo Tisov (Bolqarıstan) – Manvel Xndzrtsyan (Ermənistan) görüşünün qalibi olacaq.
65 kq-da Əli Rəhimzadə Fransanı təmsil edən Xamzat Arsamerzoyevə 3:4 hesabı ilə uduzub. Rəhimzadə bürünc medal uğrunda Stefan Koman (Rumıniya) – Andrey Svirid (Ukrayna) görüşünün qalibi ilə güləşəcək.
70 kq-da yarışan Kənan Heybətov isə finala gedən yolda Dünya Güləş Birliyi bayrağı altında mübarizə aparan rusiyalı David Bayevlə üzləşib. Heybətov 0:3 hesabı ilə məğlub olub. Heybətov üçüncü yer uğrunda ya İsmayıl Musukayev (Macarıstan) - Viktor Voynoviç (Serbiya) cütünün qalibi ilə mübarizə aparacaq.
Orxan Abasov (79 kq) isə təsnifat mərhələsində Dağıstan əsilli fransalı Zəlimxan Xadjiyevə 5:9 hesabı ilə uduzub. Bununla belə, rəqib finala yüksəldiyi üçün Abasov aprelin 8-də təsəlliverici görüşdə slovakiyalı Axsarbek Qulayevlə qarşılaşacaq.