BAKI, 7 APREL . TELEQRAF

“28 May” stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, “28 May” stansiyası yaxınlığında qazıntı işləriilə başlanacaq. Qeyd olunub ki, işlərə “Cəfər Cabbarlı-Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelininşası ilə tamamlanacaq:

“Həmin müddət ərzində geoloji təsirlər nəticəsində “Nizami” stansiyası istiqamətində yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olan texniki çatışmazlıqlar da aradan qaldırılacaq”.

Qeyd olunub ki, layihə çərçivəsində “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına daha bir keçid tikiləcək:

“Bu isə sərnişin axını gur olan “28 May” stansiyasından “Cəfər Cabbarlı” stansiyasına və əksinə sərnişin axınınınparçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək”.

Vurğulanıb ki, Bakı metropoliteninin 3 xəttinin 2 elektrik deposu fəaliyyət göstərir. Bənövşəyi xəttə xidmət göstərən “Xocəsən” elektrik deposunun inşası birinci mərhələdə başa çatdırılıb. Qarşıdakı müddətdə xəttin yeni stansiyaları istifadəyə verilərkən, qatarlara xidmət və təmir, eləcə də baxış-qulluq sahələri yaradılmalı və infrastrukturun tam fəaliyyəti təmin edilməlidir.

Nəzərə çatdırılıb ki, Qırmızı və Yaşıl xətlərə yalnız bir - "Nərimanov" elektrik deposu xidmət göstərir:

“Depo bir xətt üçün nəzərdə tutulduğundan iki xəttin əsas tələbatını ödəmir. Bu və digər səbəblər nəzərə alınaraq, Yaşıl xəttin “Dərnəgül” elektrik deposunun inşası bərpa edilir. Bu depoda müxtəlif sahələrin əsas idarəetməsini özündə birləşdirən inzibati bina ilə yanaşı, texniki infrastrukturun fəaliyyətini təmin edən xidməti sahələr də yaradılacaq. Qatarların gecələməsi, təmir xidməti, qulluğun göstərilməsi, gecə işlərini yerinə yetirmək üçün təsərrüfat qatarları, yükləmə-boşaltma və digər funksiyalar üçün zəruri infrastruktur qurulacaq”.