BAKI, 7 aprel. TELEQRAF

Qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına start verilir.

Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt modulu olan koc.eagro.az portalında həyata keçirilir.

Qeydiyyat 9 aprel saat 10:00 -dan etibarən başlayacaq. Fermerlər, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, eləcə də İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olanlar portalda öz təsərrüfatları barədə məlumatları daxil edərək qeydiyyatdan keçə bilərlər.

2025-ci il yaylaq mövsümü dövründə, arıçılıq təsərrüfatları Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli, Laçın və Kəlbəcər rayonlarında yerləşən yaylaqlara köçürüləcək. Qoyunçuluq təsərrüfatları isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsi üçün nəzərdə tutulub. Hər bir fermerin yaylaq sahəsi, portalda seçdikləri ərazi üzrə ayrılacaq.

Köç prosesinə qatılmaq istəyən fermerlər, həmçinin, təsərrüfatlarındakı heyvanların identifikasiyası ilə bağlı məlumatları EKTİS-ə daxil etmələri tövsiyə olunur. Müraciətlərin tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək və fermerlərə ANAMA tərəfindən keçirilən təlimlərə dair SMS bildirişləri göndəriləcək. Təlimlərdə iştirak etmiş fermerlərə mərhələli şəkildə yaylaqlara köçürülməyə icazə veriləcək.

Qeyd edək ki, fermerlər əlavə məlumat almaq üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edə bilərlər.