
BAKI, 7 aprel. TELEQRAF
2025-ci il boyu Rusiyanın Ukraynaya qarşı apardığı müharibə davam edəcək. Cəbhədə mövqe və ərazi itkiləri ilə şiddətli döyüşlər gedir.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna ordusunun tağım komandiri Yeqor Firsov bildirib.
Ukraynalı zabit cəbhənin “donmadığını”, kifayət qədər aktiv olduğunu bildirib.
Firsov qeyd edib ki, altı ay əvvəl cəbhədə durum xeyli asan olub, amma indi ruslar döyüşləri yenidən qızışdırıblar:
“Hazırda cəbhədəki durum sülh və razılaşmalar baxımından dünya gündəmində oxuduqlarımızla ziddiyyətlidir. Bu, onu deməyə əsas verir ki, yaxın gələcəkdə sülh olmayacaq. Düşmən öz payını artırır, danışıqlarda divarlar çəkir”.
Tağım komandiri Donetsk istiqamətində vəziyyətin daha da kəskinləşəcəyini proqnozlaşdırır.
Firsov cəbhədə vəziyyətin çox ağır olduğunu vurğulayıb: “Təəssüf ki, mövqe və ərazi itkiləri də var”.
Onun sözlərinə görə, bir sıra yüksəkliklərdə mühüm mövqelərin itirilməsi orduya ağır problemlər yaradacaq və Ukraynanın müdafiəsini çətinləşdirəcək: “Uşaqlar geri addım atmağa məcburdurlar. Hazırda çox şiddətli döyüşlər gedir, bu da bizə onu deyir ki, yaxın gələcəkdə rahatlaşa bilməyəcəyik”.
Firsov hesab edir ki, Ukrayna bu il də döyüşləri davam etdirməli olacaq.