BAKI, 7 aprel. TELEQRAF

“Bakı metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən “Qırmızı” və "Yaşıl” xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra “Qırmızı" və “Yaşıl” xətlərin ayrılması üçün təxminən 200 metrə yaxın “Cəfər Cabbarlı” və “Nizami” stansiyasiyaları arasında əlaqə yaratmaq üçün tunelin inşası planlaşdırılır".

Teleqraf xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.

Məlum olub ki, həmin dövrdə “Qırmızı” xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar “İçərişəhər"- "Əhmədli” istiqamətində hərəkət edəcək.

“Yaşıl” xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” stansiyası qismən bağlanacaq. Belə ki, “28 May”dan “Dərnəgül” istiqamətində qatarların hərəkəti olmayacaq. Qatarlar “Dərnəgül” - “Nizami” stansiyaları arasında hərəkət edəcək. Bu zaman həmin xəttə "Dərnəgül" elektrik deposu xidmət göstərəcək.

“Dərnəgül” stansiyası istiqamətində hərəkət edən sərnişinlər 6 ay ərzində müəyyən çətinliklərlə üzləşəcəklər.