
BAKI, 7 aprel. TELEQRAF
Xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun inşası başlanılır. Depo ərazisində ekoloji təsirlərin qiymətləndirilməsi aparılıb və ictimai dinləmələr keçirilib - ərazinin coğrafi, geoloji vəziyyəti öyrənilib, həm tikinti, həm istismar dövrü ərzində yarana biləcək təsirlərin azaldılmadı üçün tədbirlər planı hazırlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Metropoliteninin strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva deyib. O bildirib ki, ərazidə qorunan və ya tarixi obyektlər, nadir və ya nəsli kəsilməkdə olan ağac növləri yoxdur:
"Layihə çərçivəsində bəzi ağacların köçürülməsi zərurəti yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qaydalara əsasən, köçürülmə mərhələli şəkildə həyata keçiriləcək. 446 ağac depo daxilində saxlanılmaqla köçürüləcək, qalanlarına aqrotexniki qulluq göstəriləcək. Sahədə müxtəlif növ ağaclar var və heç biri nadir və ya nəsli kəsilməkdə olan növlərdən deyil.
Ümumilikdə, ərazidə yaşıllıq işləri aparılacaq və 1000-dək ağac və kol əkiləcək. Depoda çəmənliklər salınacaq, müasir suvarma sistemləri qurulacaq. İnşaat dövründən yaşıllaşdırma işlərinə başlanılıb, artıq 22 sərv ağacı əkilib. Burada küknar, şam, zeytun, dekorativ bitkilər və çiçəklər yetişdiriləcək".