
BAKI. 7 aprel. TELEQRAF
"Bu, komanda daxilində olmuşdu və komandanın sirri idi, daxildə də qalmasının tərəfdarı idim".
Teleqraf xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının heyətindən kənarlaşdırılan Rövşən Hüseynli sosial şəbəkə hesabında yazıb.
O, məsələnin böyüməsinə təəccübləndiyini gizlətməyib: "Son 4 mövsümdür legioner həyatı yaşayıram və çox sayda yaxşı nəticələrim olub. Qazaxıstan çempionatında TOP-5-də ən yaxşı qapıçı, turun oyunçusu, bir oyunda edilən ən çox seyv nominantı, qapıçı olsam da, vurduğum qollar və etdiyim məhsuldar ötürmələr var. Cari mövsümdə son tura qədər qapıçılar arasında qol+məhsuldar ötürmə sistemində liderəm. Bu qədər haqqımda maraqlanacaq və yazılacaq xoş xəbər olduğu halda, bunu görmədim. Əksinə, intizamsızlığım yazıldı. Zəng və mesajların sayını unutmuşam. Rövşən Alesio ilə gərginlik yaşadı və zənglər, mesajlar dayanmadı. Səbəb?"
Hüseynli Azərbaycan millisinin sabiq baş məşqçisi Joze Alesio ilə arasında baş verənlərlə bağlı sakitliyini qoruduğunu bildirib: "Çünki hər bir komandanın daxilində problemlər olur. Amma görürəm ki, bu gün yenə o məsələ gündəmə gətirilib. Adını qoyublar ki, Rövşən Hüseynli millidə kapitanlığa görə söz söhbət yaradıb. Hansı ki əvvəlcə artıq müəyyən narazılıqlar var idi, sadəcə, həmin gün səbrim daşdı. Rövşən Hüseynli Vətəninə, bayrağına, himninə, əynindəki formaya hörmətinə görə narazılıq edib. Bunu həmin vaxt mənimlə bərabər soyunub-geyinmə otağinda olan hər bir futzalçı da deyə bilər".
O, 20 illik karyerasında birgə çalışdığı rəhbər, məşqçi, idarə heyəti və komanda yoldaşlarının onun barəsində intizamsızlıq etdiyini deyə bilməyəcəklərini qeyd edib.
Hüseynli daha sonra millinin heyətindən kənarlaşdırılmasına səbəb olan məsələyə aydınlıq gətirib: "Milli komanda aprelin 6-da saat 12:00-da məşqdən sonra bazaya yerləşdi. Klubumla aprelin 4-ü və 5-i saat 17:00-da yerli çempionatın XXIX - XXX turlarında əsas heyət qapıçısı olaraq keçirmişəm. Aprelin 6-da plana əsasən klubumuzda bərpa prosesleri olmalı, daha sonra aprelin 7-də millinin düşərgəsinə qoşulmalı idim. Məşqçi və klub rəhbərliyi ilə danışdım. Onlar da anlayışla və hörmətlə yanaşıb məni bərpa prosesindən azad etdilər".
Təcrübəli qapıçı Bakıda ailəsini görmək üçün icazə istədiyini bildirib: "Legioner həyatı yaşayıram, ailəmi və övladımı millinin son toplanışında görmüşdüm. Bakıya gələ biləcəyim birbaşa reys aprelin 5-i gecə idi (yani artiq aprelin 6-sı). İstirahət edib aprelin 7-də milliyə tam gücümlə qoşula biləcəkdim. Növbəti günü gözləsəydim, aprelin 7-si Bakıda olacaqdım. Bu zaman isə 2-3 təyyarə dəyişməklə aprelin 8-i artıq yola düşməli idik. Komanda ilə 1 və ya 2 məşq edə biləcəkdim. Ard-arda iki oyundan sonra yola çıxmaq çətin olsa da, aprelin 5-də oyunumdan sonra yola düşdüm. Aprelin 6-da 03:00-da Astana - Baki reysi ilə yola düşdüm, səhər 7-8-də evə çatdım və axşam saat 21:00 - 23:00-da məşq prosesində iştirak etdim".
O, məşqdən sonra baş məşqçi Vitali Borisova yaxınlaşaraq, evə gedib növbəti gün saat 12:00-da məşqə gələrək komandaya qoşula bilərəcəyimi söyləyib. Lakin müraciətinə "yox" cavabı alıb: "Mən də məlum səbəbləri əsas gətirdim, fikrimi bildirib anlayış gözlədim və evə getdim. Daha çox və tam hazır məşq etmək üçün tez gəldiyim halda, indi intizamsızlığa görə kənardayam. Hər zaman layiqincə xidmət etmişəm və dəvət olunduğum müddətdə də edəcəyəm də. Uğurlar, Milli"!