
BAKI, 7 aprel. TELEQRAF
Səudiyyə Ərəbistanı Asiyadan olan alıcılar üçün "Arab Light"ın qiymətini azaltmasından sonra "Brent" markalı neft 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşüb.
Teleqraf xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 2,89% ucuzlaşaraq bir barel üçün 63,75 dollar olub.
Aprelin 7-nə keçən gecə fyuçerslərin minimum qiyməti 63,01 dollar/barel təşkil edirdi.
"Brent" markalı neft 2021-ci il aprelin 14-dən bəri ilk dəfə bir barel üçün 64 dollardan aşağı satılır. ABŞ prezidenti Donald Tramp idxal rüsumlarının tətbiqini elan etdikdən sonra neftin bir barelinin qiyməti mütləq ifadədə 11 dollardan çox ucuzlaşıb.
"Goldman Sachs" analitikləri "Brent" markalı neftin qiyməti ilə bağlı proqnozlarını ikinci dəfə aşağı salıb. Yeni proqnoza əsasən neftin dünya bazar qiyməti 62 dollar təşkil edəcək.
"ING" də tələb və təkliflə bağlı qeyri-müəyyənliyin artması səbəbindən neft proqnozunu aşağı salıb. Ekspertlər 2025-ci ilin dördüncü rübündə "Brent" neftinin orta qiymətinin bir barel üçün 68 dollar olacağını gözləyirlər (əvvəlki proqnozda bu rəqəm 71 dollar idi).