BAKI, 7 aprel. TELEQRAF

"Brent" markalı neft 2021-ci il aprelin 14-dən bəri ilk dəfə bir barel üçün 64 dollardan aşağı satılır. Londonun ICE birjasında "Brent" neftinin iyun fyuçerslərinin qiyməti 2,89% ucuzlaşaraq 63,75 dollar olub. ABŞ prezidenti Donald Trampın rüsum, OPEC+un isə hasilat artımı ilə bağlı qərarları, eləcə də Səudiyyə Ərəbistanının Asiyadan olan alıcılar üçün "Arab Light"ın qiymətini azaltması "Brent" markalı neftin 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb. Nəzərə alsaq ki, Azərbaycanın xarici bazara çıxardığı “Azeri Light” "Brent" tipinə aiddir, bu, dalğalanma ölkənin gəlirlərinə təsir göstərir. 38.3 milyard manat planlaşdırılan və 49%-i neftdən əldə olunan gəlirlərə əsaslanan 2025-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı suallar yaradır.

İqtisadçı ekspert Samir Heydərov Teleqraf-a açıqlamasında bildirdi ki, OPEC+ formatında 8 ölkənin hasilat məhdudiyyətindən imtina etməsi və gündəlik hasilatın 411 min barel artırılacağına dair qərarı qiymət enişini daha da sürətləndirib. Bu tendensiyanın Azərbaycana təsiri isə xüsusilə büdcə və makroiqtisadi göstəricilər baxımından mümkündür:

"Nəzərə alsaq ki, 2024 cu ilin göstəricilərinə görə Azərbaycanın ixrac gəlirlərinin 95 faizini neft qaz gəlirləri təşkil edib.Bu baxımdan dunya bazarında neftin qiymətinın artıb azalması iqtisadiyyatımıza öz təsirini göstərə bilər. Amma ölkəmizin maliyyə dayanıqlığı yüksək səviyyədədir. Ona görə heç bir narahatçılığa əsas yoxdur. Fərz edək ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2025-ci il üçün təxminən 64 dollardır. Azərbaycanın sutkalıq neft hasilatı isə 600 000 barel təşkil edir. Bu da illik olaraq təxminən aşağı yuxarı 219 milyon bareldir. Nəzərə alsaq ki, 2025-ci ilin büdcəsində neftin 1 barelinin qiyməti 70 dollar müəyyənləşdrilib. Büdcədə ortaya çıxan əlavə kəsir təxminən 1.3 milyard olacaq.

Dövlət Neft Fondunun ehtiyatları 2025-ci il üçün ortalama 60 milyard ABŞ dollar proqnozlaşdırılır. Belə olan halda bu kəsir Dövlət Neft Fondundan edilən transfer hesabına aradan qaldrıla bilər.Yəni ölkə iqtisadiyyatında hər hansı bir maliyyə böhranından söhbət gedə bilməz.

Sadəcə onu qeyd etmək lazımdır neftin dünya bazarında 1 barelinin qiymətinin azalması bizim iqtisadiyyat üçün arzuolunmaz haldır. 2024 -cü ilin göstəricilərinə görə, Mərkəzi Bankın aktivəri təxminən 11 milyard dollar təşkil edib. Bu baxımdan devalivasiya ilə bağlı ehtimallar da real deyild. Yəni tənzimləyicinin aktivlərinin 500-600 milyon dollar azalması devalivasiyanı mumkun edən faktor deyil".

S.Heydərovun sözlərinə görə, bununla belə tədiyyə balansının cari əməliyyatlar hesabında musbət saldonun dəyər ifadəsi ilə azalması mumkundur. Çünki neftin qiymətinin ucuzlaşması tədiyyə balansına neqativ təsirini gösətərir.

S.Heydərov bildirdi ki, tarif artırmaları fonunda ticarət müharibəsi dunya iqtisadiyyatında aktivliyi azalda bilər:

"Buda öz növbəsində dunya bazarında neftə olan tələbi azaldacaq. Göründüyü kimi neft qiymətlərinin aşagi düşməsinin səbəblərindən biri də budur. Ticarət muharibələri Çinin iqtisadiyyatına neqativ təsir göstərəcək. Mərkəzi Asiya ölkələrindən neft -qaz idxal edən Çin daha ucuz enerji axtarışına çıxa bilər. Eyni zamnda Çinin Mərkəzi Asiya ölkələrinin neft qaz sektoruna böyük investiiyaları vardır ki, bu investisiyalarda azalmalar müşahidə edilməsi mümkündür. Yəni Çin aktiv şəkildə Mərkəzi Asiya və Xəzər regionunda nəqliyyat infrastrukturlarına invetisiyalar həyata keçirir. Qlobal arenada yaranan vəziyyət investisiyaların həcminə öz təsirini göstərə bilər".

Ekspert Azərbaycanın aktiv şəkildə bərpa olunan enerjinin istehsalının inkşafı istiqamətində gördüyü işlərə də diqqət çəkdi:

"Qaradaq rayonu və Xızı da günəş və külək elektrik stansiyalarının tikintisini buna misal göstərə bilərik.Hər ikisi təxminən 230 və 240 meqavatt gücündə olmaqla Azərbaycanın elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını artırır. Ümumiyyətlə Azərbaycan 2030-cu ilə kimi 6 qeqavat gücündə elektrik enerjisi bərpa olunan mənbələr hesabına istehsal etməyi planlaşdırır. Bu da faydalı qazıntı enerjilərindən asıllığı azaldacaq. Ölkə daxilində təbii qaza qənaət etməklə ixrac potensialımızı artıracaq. Eyni zamanda Azrəbaycanın hidroenerji potensialı da böyükdür. Xüsusilə işğaldan azad olunan ərazilərdə çox böyük hidro enerji potensialımız var".

Türkiyəli iqtisadçı İlhan Ege bildirir ki, Səudiyyə Ərəbistanının Asiya ölkələri üçün may ayına neft qiymətlərini azaltması barədə qərarı, qlobal bazarlarda xüsusilə "Brent" markalı neftin qiymətinə mənfi təsir göstərib. Onun sözlərinə görə, bu addım neft bazarında son dörd ayın ən aşağı qiymətlərinə yol açıb. Əvvəllər qiymətləri sabit saxlamaq üçün hasilatı məhdudlaşdıran Səudiyyə Ərəbistanı bu dəfə fərqli strategiya seçib.

Ege hesab edir ki, Səudiyyə Ərəbistanı artıq bu yükü təkbaşına daşımaq istəmir:

"Əvvəllər Səudiyyə Ərəbistanı neft qiymətlərinə nəzarət etmək üçün neft hasilatını azaldırdı. Lakin 2019-cu ilə qədər bu sistemi müəyyən nöqtədə saxlayan Səudiyyə Ərəbistanı sonradan bəzi OPEK üzvlərinin hasilatını öz kvotalarından yuxarı çıxarması, neftə tələbatın zəifləməsi, müxtəlif ölkələrin neft hasilatına başlaması səbəbindən qiymətlərə zəif təsir göstərməyə başlayıb. Səudiyyə Ərəbistanı neft hasilatını azaltsa da, neft qiymətləri düşməyə davam edir. İqtisadi hadisələrin qarşıdakı dövrdə neftin ucuzlaşmasına çox da təsiri olmayacaq. Bu səbəbdən də Asiya bazarlarında qiymətləri aşağı salaraq həm iqtisadi, həm də psixoloji təsir göstərmək niyyətindədir”.

Türk ekspert bildiridi ki, ABŞ və ÇİN arasındakı ticarət müharibəsi enerji bazarına birbaşa təsir göstərir.

"Dünya enerji ticarəti qloballaşsa da, Çin enerji bazarında ən böyük xam neft idxalçısıdır. Çin ABŞ-dan çox böyük miqdarda mayeləşdirilmiş təbii qaz və xam neft alır. Və enerji idxalından asılılığını azaltmaq üçün Çin ABŞ istisna olmaqla, digər ölkələrlə fərqli ittifaqlar qurmağa çalışır. Eyni zamanda yerli neft, qaz və kömür hasilatını təşviq edən sistemləri inkişaf etdirməyi planlaşdırır. Digər tərəfdən ABŞ-nin Çinə əlavə vergilər tətbiq edəcəyini açıqlamasının ardınca Çin də xam neft idxalına gömrük rüsumları tətbiq edəcəyini açıqladı. Bu düzəlişlə Çinin xam neftə olan tələbi zəifləyəcək. Bu səbəbdən neft qiymətlərində enişin davam edəcəyi gözləniləndir. Türkiyə kimi neft və enerji idxal edən ölkələrə bu, müsbət təsir göstərəcək. Neftin ucuzlaşması inflyasiyanın tempini azalda, sənaye sektorunda enerji xərclərini aşağı sala və xarici ticarət balansını müsbət istiqamətdə dəyişdirə bilər. Lakin bu təsir tam proporsional olmayacaq, çünki enerji qiymətlərinə müxtəlif vergi komponentləri də təsir edir”.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.