
BAKI, 7 aprel. TELEQRAF
Ağdaşda Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar Biznes Festivalı keçirilib.
Teleqraf xəbər verir ki, festivalda dövlətin aqrar sahəyə göstərdiyi dəstək mexanizmləri, subsidiya və güzəştli kredit imkanları barədə məlumat verilib. Müasir kənd təsərrüfatı texnologiyaları və innovativ həllər nümayiş etdirilib. Festival çərçivəsində fermerlərin maliyyə və sığorta xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə kredit yarmarkası təşkil edilib.
Yarmarkada bank və bank olmayan kredit təşkilatları, maliyyə və sığorta qurumları tərəfindən güzəştli kreditlər, aqrar sektor üçün maliyyə dəstək mexanizmləri barədə məlumatlar təqdim edilib.
Fermerlərin maarifləndirilməsi istiqamətində tədbir çərçivəsində “Dövlətin maliyyə mexanizmləri” mövzusunda panel müzakirə keçirilib. Müzakirələr zamanı Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu və ölkədə fəaliyyət göstərən aparıcı bank və bank olmayan kredit təşkilatlarının mütəxəssislərinin iştirakı ilə aqrar sektorun inkişafına töhfə verən maliyyə alətləri, Mərkəzi Aran iqtisadi rayonunda aqrar sahənin maliyyələşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sessiyalar çərçivəsində fermerlərin və sahibkarların fikirləri dinlənilib və sualları cavablandırılıb.
Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi tərəfindən keçirilən Aqrar Biznes Festivalları ölkənin bütün iqtisadi rayonlarında təşkil olunacaq və fermerlərə aqrar sahədə tətbiq edilən ən son texnologiya və yeniliklərdən yararlanmaq imkanı yaradacaq.